Elmar Hussein's Blog

October 15, 2023

Modern və qeyri-modern sosial sistemlərin nisbəti

Qlobal sivilizasiyada iki qəbildən olan sosial sistemlər mövcuddur: modern və onun ziddi olanlar. Təbii ki, çoxqiymətli məntiq müstəvisində bir çox sosial sistemlər daha çox mütləq modern (1) və ya onun ziddi olan (0) nöqtəyə yaxınlaşırlar, amma nisbi xəta ilə onları ikiqiymətli məntiq müstəvisində modern və ya onun ziddi kimi xarakterizə edə bilərik. Bir çox sosial sistemlər isə daha çox mütləq modern və onun ziddi olan nöqtələrin ortasında (0.5) qərarlaşırlar. Ona görə də onları ikiqiymətli məntiq müstəvisində qiymətləndirərkən nisbi xətanın miqyası artmış olur. Bundan qaçmaq üçün onları üçqiymətli məntiq müstəvisində qeyri-müəyyən kimi xarakterizə etmək çox güman ki, daha məqbuldur.

Modern sosial sistem layiqli həyat standardları, iqtisadi artım, insan kapitalı, keyfiyyətli təhsil və səhiyyət xidməti, balanslaşdırılmış ekoloji təhlükəsizlik və s. indekslərlə təyin edilir. Onun formalaşması sosial mühəndislik üzərindən həyata keçirilir ki, bu, artıq sistemin sosial elmi metod və prinsiplər əsasında qurulmasını şərtləndirir. Bütün bu qeyd edilən indeks və şərtlərin olmadığı sosial sistemlər qeyri-modern sistemlərdir.

Modern sosial sistemin formalaşması tarixi erkən modern tarixə (1500-1800-cü illərə) təsadüf etsə də, 1960-cı ildən etibarən sistemin informasiyalaşdırılması, rəqəmsallaşdırılması, xüsusilə günümüzdə Süni İntellektin ora tətbiq dairəsinin artan sürətlə tətbiq imkanlarının genişləndirilməsi artıq yeni keyfiyyət mərhələsinə keçiddir. Bu mərhələdə sistemdə daha əvvəllər mövcud olan indeks və şərtlərin yenidən qiymətləndirilməsini, yenidən tənzimləməsini reallaşdırmaqla yanaşı modern və onun ziddi olan sistemlər arasında mümkün fərqləri daha da artıracaq. Çox böyük ehtimalla üçqiymətli məntiq müstəvisində qeyri-müəyyən qiymətləndirilən sosial sistemlərin əksəriyyəti qeyri-müəyyənlikdən çıxaraq müəyyənliyə (modern və ya onun ziddi) keçid alacaqlar.

Günümüzdə modern sosial sistemin öz risk və təhlükələri mövcuddur, xüsusilə Süni İntellektin tətbiq dairəsi genişləndikcə yenidən qiymətləndirmə və yenidən tənzimləmənin hansı göstəricilər əldə edəcəyini birmənalı proqnozlaşdırmaq qeyri-mümkündür. Amma sistem daxilən dinamikdir, risk və təhlükələrin araşdırılmasına açıqdır, əks fikirlərə qarşı tolerantdır, analitik-rasional təfəkkürə əsaslanır, alqoritmik düşüncə sisteminə malikdir. Amma istənilən müasir qlobal sivilizasiyanın əsas ziddiyyət nöqtəsi modern və qeyri-modern sosial sistemlər arasında görünür.

 •  0 comments  •  flag
Share on Twitter
Published on October 15, 2023 06:51

October 2, 2022

“Ictimai şüur” anlayışı nəyi bildirir? İctimai şüur ilə fərdi şüurun nisbəti necədir?

Sosial-humanitar elmlərdə, eləcə də bu elmlərin fəlsəfəsində tez-tez istifadə edilən “ictimai şüur” anlayışı nəyi bildirir? İctimai şüur ilə fərdi şüurun nisbəti necədir?

“Əgər ictimai şüura tərif verməli olsaq, qeyd edə bilərik ki, ictimai şüur – ictimai varlığın əks olunduğu duyğu, baxış, ideya, nəzəriyyələrin mürəkkəb sistemidir. Cəmiyyət onu təşkil edən insanların sadəcə mexaniki cəmindən ibarət olmadığı kimi, cəmiyyətin mənəvi əsasını təşkil edən ictimai şüur da cəmiyyət üzvlərinin (fərdlərin) fərdi şüurlarının sadəcə məcmusu olmayıb özündə tam, bütöv mənəvi hadisəni əks etdirir. “İctimai şüur” anlayışının məzmununda hər cür fərdilikdən sərf-nəzər edərək bütövlükdə cəmiyyət və ya cəmiyyətdəki böyük sosial qruplar (sosial siniflər, xalq, millət və s.) üçün xarakterik olan duyğu, baxış, ideyaları fərqləndirmək olar. Bu mənada ictimai şüur fərdi şüurdan fərqlənir. İctimai şüur ilə fərdi şüur arasındakı əlaqə ümumi ilə təkcə arasında olan əlaqə kimidir: təkcə (fərdi şüur) ümumiyə (ictimai şüura) aparan yoldur, ümumi (ictimai şüur) isə təkcədə (fərdi şüurda) təzahür edir və əslində məntiqi cəhətdən bir növ “abstraksiya”dır. Məsələn, əgər ümumi şəkildə yanaşsaq, gerçəklikdə “insan” deyil, yalnız konkret fərdlər mövcud olduğu kimi, reallıqda da əslində ictimai şüur deyil, yalnız ayrı-ayrı fərdlərə məxsus olan şüur – fərdi şüur mövcuddur.”

Elmar Hüssein. Tarixi fəlsəfəsi. Tarixi şüurun inkişaf dnamikası. Bakı: “Füyuzat” Nəşriyyatl, 2022, səh. 33-34

 •  0 comments  •  flag
Share on Twitter
Published on October 02, 2022 06:25

“ictimai şüur” anlayışı nəyi bildirir? İctimai şüur ilə fərdi şüurun nisbəti necədir?

Sosial-humanitar elmlərdə, eləcə də bu elmlərin fəlsəfəsində tez-tez istifadə edilən “ictimai şüur” anlayışı nəyi bildirir? İctimai şüur ilə fərdi şüurun nisbəti necədir?

“Əgər ictimai şüura tərif verməli olsaq, qeyd edə bilərik ki, ictimai şüur – ictimai varlığın əks olunduğu duyğu, baxış, ideya, nəzəriyyələrin mürəkkəb sistemidir. Cəmiyyət onu təşkil edən insanların sadəcə mexaniki cəmindən ibarət olmadığı kimi, cəmiyyətin mənəvi əsasını təşkil edən ictimai şüur da cəmiyyət üzvlərinin (fərdlərin) fərdi şüurlarının sadəcə məcmusu olmayıb özündə tam, bütöv mənəvi hadisəni əks etdirir. “İctimai şüur” anlayışının məzmununda hər cür fərdilikdən sərf-nəzər edərək bütövlükdə cəmiyyət və ya cəmiyyətdəki böyük sosial qruplar (sosial siniflər, xalq, millət və s.) üçün xarakterik olan duyğu, baxış, ideyaları fərqləndirmək olar. Bu mənada ictimai şüur fərdi şüurdan fərqlənir. İctimai şüur ilə fərdi şüur arasındakı əlaqə ümumi ilə təkcə arasında olan əlaqə kimidir: təkcə (fərdi şüur) ümumiyə (ictimai şüura) aparan yoldur, ümumi (ictimai şüur) isə təkcədə (fərdi şüurda) təzahür edir və əslində məntiqi cəhətdən bir növ “abstraksiya”dır. Məsələn, əgər ümumi şəkildə yanaşsaq, gerçəklikdə “insan” deyil, yalnız konkret fərdlər mövcud olduğu kimi, reallıqda da əslində ictimai şüur deyil, yalnız ayrı-ayrı fərdlərə məxsus olan şüur – fərdi şüur mövcuddur.”

Elmar Hüssein. Tarixi fəlsəfəsi. Tarixi şüurun inkişaf dnamikası. Bakı: “Füyuzat” Nəşriyyatl, 2022, səh. 33-34

 •  0 comments  •  flag
Share on Twitter
Published on October 02, 2022 06:25

September 11, 2022

Hegel fəlsəfəsində tarixin öyrənilməsi metodologiyası

Tarixin öyrənilməsi necə və hansı metodologiya əsasında həyata keçirilir? O, tarixi hadisələr arasındakı xronoloji ardıcıllığın təyin edilməsi, eləcə də individual tarixi hadisənin səbəb və nəticələrinin aşkar edilməsi ilə məhdudlaşırmı? Bu qəbildən olan sualların cavabı Hegelin tarix fəlsəfəsində aşağıdakı kimi cavablandırılır:

“Hegel özünün tarixə yanaşma metodologiyasını üç qrupa bölür. Bu bölgüdə ilk özünə yer alan “təbii tarix” yalnız keçmiş zamanda baş vermiş olan ayrı-ayrı (individual) tarixi hadisə və proseslərə dair bilavasitə onlara şahidlik edən insanlar tərəfindən məlumatların verilməsini və bu məlumatların tədqiqatçılar tərəfindən etibarlı hesab edilərək qeydə alınmasını nəzərdə tutur. Amma növbəti tarixi yanaşma metodu – “reflektiv tarix” hər hansı zaman müddəti ilə məhdudlaşmır, eləcə də cəmiyyət və dünya miqyasında baş vermiş olan bütöv tam tarixi prosesləri analiz edir. Hegelin terminologiyası ilə desək, reflektiv tarix özündə “universal tarixi” ifadə edir. Amma Hegelin sözü gedən metodologiyasında reflektiv tarix yalnız “universal tarix” ilə məhdudlaşmır, həm də “praqmatik tarixi” (keçmiş tarixi hadisələrin öyrənilməsinin indiki zaman üçün əhəmiyyətinin qiymətləndirilməsini) və “tənqidi tarixi” (həqiqiliyini və etibarlılığını müəyyənləşdirmək məqsədilə əvvəlki tarixi şərhlərin tənqid edilməsini) də özündə əks etdirir. Hegelin adı qeyd edilən bölgüsündə üçüncü yerdə “fəlsəfi tarix” (tarix fəlsəfəsi) dayanır.”

Elmar Hussein. Tarix fəlsəfəsi. Universal tarixi şüurun inkişaf dinamikası. Bakı: “Füyuzat” Nəşriyyatı, 2022, səh. 27-28

 •  0 comments  •  flag
Share on Twitter
Published on September 11, 2022 03:03

İbrahim-Sara, yoxsa Brahma-Sarasvati?

İbrahim dinlərində mövcud olan mühüm dini fiqurlar – İbrahim (Abraham), Sara(h)  və Həcər (Hagar) adları yaxşı məlumdur. Veda ədəbiyyatında da oxşar adlara və bu adlar altında işarə edilən varlıqlar arasında oxşar münasibətlərə rast gəlmək mümkündür. Belə ki, Brahma Veda ədəbiyyatında və müasir Hinduizmdə əsas üç tanrıdan biridir. Veda ədəbiyyatında Brahmanın “həyat yoldaşı” Sarasvati adlı tanrıçadır. İbrahim dinlərində isə Sara İbrahimin həyat yoldaşıdır (baxmayaraq ki, Veda ədəbiyyatında Brahma-Sarasvati fövqəltəbii varlığı, İbrahim-Sara insan varlığını özlərində ehtiva edirlər). Tarixçilərin fikrincə, tarixi tam şəkildə müəyyənləşdirilməyən Veda sivilizasiyası Sarasvati çayının sahillərində formalaşıb və Veda ədəbiyyatında adları çəkilən əsas çaylardan biri də Sarasvati çayıdır. Başqa sözlə, Sarasvati həm tanrıça, həm də çay adını bildirir və tarixçilərin fikrincə, əslində Sarasvatinin sonralar tanrıça kimi Veda ədəbiyyatına daxil edilməsi sivilizasiyanın formalaşmasında çox mühüm rolu olan çayın insan qavrayışında personifikasiyasıdır. Amma maraqlı cəhət ondan ibarətdir ki, bəzi tarixçilərin fikrincə, Sarasvati çayının ikinci adı Ghaggar çayıdır ki, bu ad da İbrahim dinlərində mövcud olan Hagar (Həcər) adı ilə oxşardır. Belə ki, Sarasvati çayı indi mövcud deyil, o, ya quruyub, ya da elə Ghaggar çayıdır. Amma istənilən halda qurusa belə mövcud olması ehtimal edilən ərazi Ghaggar çayının yaxınlığındadır. Ghaggar çayı isə daha sonrakı tarixi mərhələdə Hinduizmdə müqəddəs çay kimi Ganga çayı ön plana çıxana kimi hind ictimai şüurunda əhəmiyyəti ən yüksək qiymətləndirilən çay kimi qəbul olunub.

 •  0 comments  •  flag
Share on Twitter
Published on September 11, 2022 02:58

August 19, 2022

Beyinin strukturu ilə onun mental funksiyası arasındakı qarşılıqlı əlaqənin tam mənzərəsini yaratmaq mümkündürmü?

Nevrologiya (neyrofəlsəfə) materialist fəlsəfə üzərində qurulur və burada beyin ilə yanaşı müstəqil mövcud olan mental varlıq (psixika) mövcud deyildir. Mental “varlıq” sadəcə olaraq beynin bir funksiyasıdır. İndi nevrologiyanı bu kontekstdə maraqlandıran əsas sual belədir: beynin strukturu ilə onun mental funksiyası arasındakı qarşılıqlı əlaqənin tam xəritəsini yaratmaq mümkündürmü? Başqa sözlə, bu selektiv struktur-funksional xəritə (uyğunluq) adlanır, mental sistemdə cərəyan edən mental proseslər ilə beynin strukturu arasında tam assosiasiya yaratmaq mümkündürmü?

Sonuncu qoyulan suallar əslində lap əvvəldə səsləndirilən suala verilən neqativ cavabdır: beyinin strukturu ilə onun mental (psixi) funksiyası arasındakı qarşılıqlı əlaqənin tam assosiativ mənzərəsini (“xəritəsini”) yaratmaq mümkün olmayıb. Əgər mümkün olsaydı, onda nevrologiya özünəməxsus koqnitiv ontologiyanı formalaşdıra bilər. Nevrologiyanın indiyəqədər əldə etdiyi nailiyyətlər hələ ki, koqnitiv ontologiyanın bəzi tərəflərinin, selektiv struktur-funksional assosiativ xəritənin bəzi fraqmentlərinin müəyyən edilməsi ilə məhdudlaşır.

Koqnitiv ontologiyanın müəyyən edilmiş bəzi tərəfləri və ya selektiv struktur-funksional assosiativ xəritənin bəzi fraqmentləri hansılardır?

Məsələn, amiqdalanın “qorxu sahəsi” (beynin strukturunda qorxu hissi ilə bağlı cərəyan edən mental proseslərin başlanğıc götürməsini təyin edən sahə) olduğu məlumdur. Eyni şəkildə, anterior cingulate “konflikt sahəsi” olaraq təyin edilib. Mental sistemin bəzi fraqmentləri, məsələn, valideyn sevgisi (öz övladını digərlərində ayırıb ona valideyn sevgisini bəxş etmə) beynin strukturunda bir neçə sahə – amygdala, insula, anterior cingulate, superior temporal gyrus tərəfindən təyin edilir. Beyinin strukturu ilə mental sistem arasında indiyədək müəyyən edilmiş bu qəbildən olan assosiasiyaların sayı onlarladır, bəlkə də yüzlərlədir. Amma istənilən halda  beyinin strukturu ilə onun mental (psixi) funksiyası arasındakı qarşılıqlı əlaqənin tam assosiativ mənzərəsini (“xəritəsini”) yaratmaq mümkün olmayıb. Bütün bunlar hələ ki, həmin xəritənin fraqmentar hissələridir.

Bu qəbildən olan tam xəritənin (koqnitiv ontologiyanın) formalaşması zamanı hansı çətinliklər ilə üzləşirik:

1) Koqnitiv ontologiyanın indiyədək təyin edilmiş tərəflərinin və ya formalaşdırılması nəzərdə tutulan bu ontologiyanın özünün səhv ola bilməsi ehtimalı mövcuddur. Məsələn, beyinin strukturu ilə onun working memory funksiyası arasında assoasiyanın müəyyənləşdirilməsinə çalışarkən ümumiyyətlə, working memory funksiyasının mövcud olmaması ehtimalı yaranır. Ola bilər ki, working memory əslində beyinin digər bir neçə funksiyasının kombinasiyasından ibarətdir və əslində sistemin ən alt səviyyəsində mövcud deyil.

2) Ola bilsin ki, koqnitiv ontologiyanın düzgündür, amma laboratoriyada eksperimental şəraitdə tədqiq olunması nəzərdə tutulan  ilkin (basic) əməliyyatların digər əməliyyatlardan seçilib ayrılması yanlışdır. Məsələn, icra edilən hər hansı bir mental əməliyyat (riyazi əməliyyatlar icra etmək, müəyyən bir fraqmenti izləmək və s.) ilə həmin əməliyyatın əlaqələndirildiyi mental proses arasında əlaqə düzgün təyin edilmir. Məlum olduğu kimi, laboratoriyada eksperimental şəraitdə heç bir mental hadisə bilavasitə müşahidə edilmir, çünki fiziki sistemlərdən fərqli olaraq mental sistemlər belə şəraitdə bilavasitə müşahidə edilməyə imkan verən heç bir xassəyə (məsələn, kütlə, forma, rəng və s.) malik deyil.  Mental sistemlər daha çox eksperimental şəraitdə öyrənilən mental əməliyyatlardan toplanan faktlar üzərində elmi metodlar və məntiqi arqumentasiya vasitəsilə formalaşan “simvolik” bir sistemdir. Əgər sonuncu hissədə xətaya yol verilərsə, alınan son nəticə reallığı əks etdirməyəcək.

3) Ola bilər ki, beyinin mental funksiyası ilə onun strukturu arasında assosiasiyanın aşkarlanması yolu ilə tam koqnitiv ontologiyanı formalaşdırmaq mümkün deyil, çünki sistem-struktur baxımından yanaşma yanlışdır. Belə ki, funksiya sistemin struktutundan deyil, onun təyin edilən səviyyələrindən asılı ola bilər – sistemin bəzi atributları alt sistemlərdə deyil, üst sistemlərdə müşahidə edilir. Elmdə və fəlsəfədə bu emergent atributlar adlanır. Məsələn, həm H, həm də O atomları “alovlandırıcı” atributa malik olsalar da üst sistem olan H_2 O (su) molekulunda tam əks “söndürücü” atribut meydana çıxır.

 •  0 comments  •  flag
Share on Twitter
Published on August 19, 2022 05:25

August 17, 2022

Məntiq, fəlsəfə, elm, rasionallıq və qeyri-rasionallıq, şüur və psixika

Video 7 iyul 2022-ci il tarixində “Böyüklər Danışır” kanalında yayımlanmışdır.

 •  0 comments  •  flag
Share on Twitter
Published on August 17, 2022 05:10

July 1, 2022

Zehin Fəlsəfəsi (Birinci hissə)

Video 19 may 2020-ci il tarixində Bakı Fəlsəfə Akademiyasının dəyərli üzvü BDU-nun müəllimi və doktorantı Araz Əliyev ilə birlikdə canlı yayımda baş tutan müzakirə zamanı qeydə alınmışdır.

 •  0 comments  •  flag
Share on Twitter
Published on July 01, 2022 10:32

May 2, 2022

Məntiq: Aktyor prezident ola bilərmi?

“Aktyor prezident ola bilərmi?” Konstitusiyada nəzərdə tutulan müvafiq şərtlər gözlənildiyi təqdirdə bu sualı neqativ cavablandırmağa əsas verəcək hər hansı bir sübut mövcud deyidir. Amma bu sualın altmənası əslində “Aktyor yaxşı prezident ola bilərmi?” və ya “Yaxşı prezident olmaq üçün zəruri olan atributlar aktyorda ola bilərmi?” sualından ibarətdir. Bu sualın pozitiv cavablandırılması məntiq müstəvisində adətən aşağıdakı induktiv arqument üzərində qurulur:

M_1. R prezident olmazdan əvvəl aktyor olub.

M_2. R yaxşı prezident olub.

N. (Heç olmazsa) bəzi aktyorlar yaxşı prezident ola bilər.

Bu qəbildən olan arqument özündə tələsik ümumiləşdirmə xətasını ehtiva etmiş olur. Qısaca desək, sistemə daxil olan yalnız bir elementin malik olduğu atribut əsasında sistemin bir hissəsinin malik olduğu atributa dair nəticə çıxarmaq olmaz. Belə nəticənin çıxarılması üçün bu atribut sistemin birdən daha çox elementlərində təkrarlanmalıdır. Təkrarlanmaların sayı çox olduqda nəticənin doğru olma ehtimalı artmış olacaq.

Növbəti sual: “Əgər R yaxşı prezidentdirsə və həm R, həm də Z aktyordursa, onda Z də yaxşı prezidentdir nəticəsinin doğru ola bilmə ehtimalı nə qədərdir?”

Bu suala verilən cavab isə əslində R ilə Z arasında aparılan analogiyanın nə dərəcədə düzgün olmasını özündə ehtiva edir. Yeri gəlmişkən analogiya induktiv arqumentin növlərindən biridir və düzgün qurulmuş analogiyanın da öz şərtləri mövcuddur. Bu şərtlərin pozulması zəif analogiya adlanan xətanın yaranmasına yol açır. Zəif analogiyanın məzmunu ilə bağlı aşağıda qeyri-formal məntiqi xəta mövzusunda hələ tamamlamadığım kitabdan bir hissəni paylaşıram:

“Bəzən güclü arqument qurmaq üçün analogiyaya müraciət edilir. Bu qəbildən olan arqumentlər bir qayda olaraq aşağıdakı struktura malik olur:

M_1. X nümunəsi müvafiq olaraq Y nümunəsi ilə oxşardır.

M_2. P X-dən irəli gəlir.

N. P Y-dən irəli gəlir.

Analogiyanın güclü olub olmaması arqumentin birinci müqəddiməsinin doğru olub olmamasından asılıdır. Başqa sözlə, X ilə Y arasında kifayət qədər müvafiq oxşarlıq olmalıdır ki, “P X-dan irəli gəlir” mülahizəsindən “P Y-dən irəli gəlir” nəticəsini çıxara bilək. Beləliklə, əsas diqqət P-nin X-dan irəli gəlməsinin səbəbləri və bu səbəbləri həm də Y-ə tətbiq etməyin mümkün olub olmaması üzərində cəmləşir. Amma zəif analogiya xətasına yol verən arqumentdə bu arqumentin qurulması üçün zəif analogiyadan (və ya oxşarlıqdan) istifadə edilir. Başqa sözlə, “P X-dan irəli gəlir” mülahizəsindən “P Y-dən irəli gəlir” nəticəsini çıxara bilmək üçün X ilə Y arasında yetərli müvafiq oxşarlıq mövcud olmur.

….

Analogiya əsasında qurulmuş arqumentlərdə müqayisə edilən obyektlərin və hadisələrin eyniyyət təşkil etməsi nəzərdə tutulmur. Əgər iki obyekt və ya hadisə onlar arasında analogiya aparmaq məqsədilə müqayisə edilirsə, onda onlar arasında müəyyən fərqlərin müşahidə edilməsi qaçınılmazdır. Bu səbəbdən hətta güclü analogiyada da müqayisə edilən obyekt və hadisələr arasında müəyyən fərqlər mövcuddur. Zəif analogiya xətasına yol verən arqumentlərin məntiqi cəhətdən yanlış olmasının birbaşa səbəbi orada müqayisə edilən obyekt və hadisələr arasındakı müəyyən fərqlərin olması deyil. Zəif analogiya xətasına yol verən arqumentlərin məntiqi cəhətdən yanlış olmasının birbaşa səbəbi orada müqayisə edilən obyekt və hadisələr arasında güclü analogiya aparmaq üçün zəruri olan oxşarlıqların yetərsiz olmasıdır. Burada müqayisə edilən obyekt və hadisələr arasındakı fərqlərin onlar arasında analogiyanın aparılmasına imkan verəcək dərəcədən daha çox olması dolayı şəkildə nəzərdən keçirilən kontekstdə onlar arasında güclü analogiya qurmaq üçün zəruri olan oxşarlıqların yetərsiz olmasını şərtləndirir. “

İndi isə əsas sualımızın üzərinə qayıdaq: “Əgər R yaxşı prezidentdirsə və həm R, həm də Z aktyordursa, onda Z də yaxşı prezidentdir nəticəsinin doğru ola bilmə ehtimalı nə qədərdir?” Başqa sözlə, R ilə Z arasındakı oxşarlıq nəzərdən keçirilən kontekstdə onlar arasında analogiyanın qurulması üçün yetərli hesab edilə bilərmi?

Beləliklə, fərz edək ki, R aşağıdakı atributlara malikdir: (1) aktyor; (2) əmək birliyinin/ həmkarlar ittifaqının prezidenti; (3) televiziya spikeri; (4) qubernator

Fərz edək ki, Z aşağıdakı atributlara malikdir: (1) aktyor-komedian

Beləliklə, nəzərdən keçirilən kontekstdə R ilə Z arasında fərqlərin daha çox olması və deməli, həm də onlar arasında analogiya aparmaq üçün oxlarlıqların yetərsiz olması “Əgər R yaxşı prezidentdirsə və həm R, həm də Z aktyordursa, onda Z də ola bilsin ki, yaxşı prezidentdir” nəticəsinin çıxarılmasını məntiqi cəhətdən mümkünsüz edir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on May 02, 2022 11:07

May 1, 2022

Arqumentlərin təbii dildən formal dilə tərcümə edilməsi nə deməkdir?

Elmar Hussein, 2021, “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq”, Bakı, “Parlaq İmzalar” nəşriyyatı

Arqumentlərin təbii dildən formal dilə tərcümə edilməsi nə deməkdir?” Tələbələrimizin məntiqi öyrənərkən əsas çətinlik çəkdikləri məqamlardan biri, eləcə də məntiqə dair biliyi praktikada necə tətbiq edə biləcəyinə dair onları düşündürən əsas praktik suallardan biri məhz yuxarıda qeyd etdiyimiz suala verilən cavab ilə bağlıdır. Əgər bu sual cavabsız və ya sualın cavabı qaranlıq qalarsa, onda real həyat situasiyaları ilə məntiqin formal dil (süni dil) sistemi arasındakı əlaqə yox olar. Beləliklə, “Arqumentlərin təbii dildən formal dilə tərcümə edilməsi nə deməkdir?” və onunla bilavasitə bağlı olan “”Arqumentləri təbii dildən formal dilə necə tərcümə etmək olar?” suallarının cavabı qismən aşağıdakı hissədə öz əksini tapır:

“Təbii dildə ifadə edilən real həyat arqumentlərini mülahizələr məntiqinin formal dilinə tərcümə edərək onları qiymətləndirmək mümkündür. Praktik cəhətdən bu tərcümə prosesinin necə reallaşdığını izləmək üçün aşağıdakı bir neçə nümunəni nəzərdən keçirmək olar:

Nümunə 1: Əgər Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyirsə, onda o, riyaziyyat fənnindən qəbul imtahanı verməlidir. Biz bilirik ki, Fəridə Baki Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyir. Buna görə də biz belə bir nəticə çıxara bilərik ki, o, riyaziyyat fənnindən qəbul imtahanı verməlidir.

Birinci addım: Biz əvvəlcə nümunəmizdə mövcud olan mülahizələri bir-birindən fərqləndirməli, onlardan hansının arqumentin müqəddimələri və hansının arqumentin nəticəsi qismində çıxış etdiyini müəyyənləşdirməliyik. Bu məqsədlə bağlayıcılara (əgər … onda) və cümlələrin tərkib hissəsinə (…belə bir nəticə çıxara bilərik ki, … ) diqqət yetirə bilərik. Eyni zamanda cümlədə mövcud olan əvəzliyi onun ifadə etdiyi anlayış (ad) ilə əvəzləmək lazımdır ki, arqumentin formal dilə tərcüməsi zamanı qeyri-müəyyənlik yaranmasın. Beləliklə, nümunəmizdə iştirak edən real həyat arqumentini mülahizələr məntiqinin formal dilinə çevirərkən qurulan formal arqument iki müqəddimə və bir nəticədən ibarət olacaq:

M_1. Əgər Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyirsə, onda Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir.

M_2. Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyir.

N. Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir.

İkinci addım: Formal arqumentin müqəddimələri və nəticəsi qismində iştirak edən mülahizələri bir-birindən fərqləndirdikdən sonra arqumentdə mövcud olan ən sadə mülahizələri (atomları) müəyyənləşdirmək lazımdır. Məsələn, M_1-də iştirak edən “Əgər Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyirsə, onda Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir” mülahizəsi “əgər … onda” məntiqi operatoru vasitəsilə qurulmuş implikasiyadır və deməli, tərkibində iki atom mövcuddur. Beləliklə, formal arqumentdə iki atom iştirak edir:

p = “Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyir”.

q = “Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir”.

Üçüncü addım: Formal arqumentdə məntiqi operatorların vasitəsilə atom qismində iştirak edən sadə mülahizələrdən qurulmuş mürəkkəb mülahizə və ya mülahizələr mülahizələr məntiqinin formal dilinə tərcümə etmək lazımdır:

Əgər Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyirsə, onda Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir.

Əgər p-dirsə, onda q-dür.

p → q

Dördüncü addım: Formal arqumentin müqəddimələri və nəticəsi qismində iştirak edən mülahizələri onların formal dildə qarşılığı olan simvolik ifadələrlə əvəzləmək lazımdır:

M_1. p → q

M_2. p

N. q

Beşinci addım: Formal arqumentin etibarlı arqument olub- olmadığını yoxlamaq lazımdır. Bu məqsədlə qiymətləndirmə prosesini həyata keçirmək üçün tərtib edilmiş həqiqət cədvəlində müqəddimlər qismində iştirak edən p → q və p formullarının doğru, amma nəticə qismində iştirak edən q formulunun yalan olduğu sıranın mövcud olub-olmadığını yoxlamaq lazımdır. Əgər belə sıra mövcud olarsa, onda bu o deməkdir ki, arqument etibarsızdır. Əgər belə sıra mövcud olmazsa, onda bu o deməkdir ki, arqument etibarlıdır. Beləliklə, arqumentin müqəddimələrinin doğru və yalan qiymətlərinin bütün mümkün kombinasiyalarını təyin etmək üçün qurulmuş həqiqət cədvəlinə nəzər salaq: … “

Elmar Hussein (2021). “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq” s. 87-89

P.S. Beşinci addım və növbəti addımlar artıq həqiqət cədvəlinin qurulması ilə bağlıdır ki, bu cədvəlləri də burada paylaşmaq praktik cəhətdən qeyri-mümkündür, yuxarıda adı qeyd edilən kitabda ətraflı şəkildə izah edilib.

 •  0 comments  •  flag
Share on Twitter
Published on May 01, 2022 02:45