“ictimai şüur” anlayışı nəyi bildirir? İctimai şüur ilə fərdi şüurun nisbəti necədir?
Sosial-humanitar elmlərdə, eləcə də bu elmlərin fəlsəfəsində tez-tez istifadə edilən “ictimai şüur” anlayışı nəyi bildirir? İctimai şüur ilə fərdi şüurun nisbəti necədir?
“Əgər ictimai şüura tərif verməli olsaq, qeyd edə bilərik ki, ictimai şüur – ictimai varlığın əks olunduğu duyğu, baxış, ideya, nəzəriyyələrin mürəkkəb sistemidir. Cəmiyyət onu təşkil edən insanların sadəcə mexaniki cəmindən ibarət olmadığı kimi, cəmiyyətin mənəvi əsasını təşkil edən ictimai şüur da cəmiyyət üzvlərinin (fərdlərin) fərdi şüurlarının sadəcə məcmusu olmayıb özündə tam, bütöv mənəvi hadisəni əks etdirir. “İctimai şüur” anlayışının məzmununda hər cür fərdilikdən sərf-nəzər edərək bütövlükdə cəmiyyət və ya cəmiyyətdəki böyük sosial qruplar (sosial siniflər, xalq, millət və s.) üçün xarakterik olan duyğu, baxış, ideyaları fərqləndirmək olar. Bu mənada ictimai şüur fərdi şüurdan fərqlənir. İctimai şüur ilə fərdi şüur arasındakı əlaqə ümumi ilə təkcə arasında olan əlaqə kimidir: təkcə (fərdi şüur) ümumiyə (ictimai şüura) aparan yoldur, ümumi (ictimai şüur) isə təkcədə (fərdi şüurda) təzahür edir və əslində məntiqi cəhətdən bir növ “abstraksiya”dır. Məsələn, əgər ümumi şəkildə yanaşsaq, gerçəklikdə “insan” deyil, yalnız konkret fərdlər mövcud olduğu kimi, reallıqda da əslində ictimai şüur deyil, yalnız ayrı-ayrı fərdlərə məxsus olan şüur – fərdi şüur mövcuddur.”
Elmar Hüssein. Tarixi fəlsəfəsi. Tarixi şüurun inkişaf dnamikası. Bakı: “Füyuzat” Nəşriyyatl, 2022, səh. 33-34